Sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü strateji əhəmiyyətli mövzular arasında, Zəngəzur dəhlizinin açılması məsələsini də ictimai gündəmə gətirib. Müxtəlif media resursları keçirilən görüşdə Zəngəzur dəhlizinin reallaşması perspektivlərinin müzakirə ediləcəyi məlumatını bölüşüb. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata birgə bəyanatla çıxış edərkən bildirib: “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”.

Həmçinin Prezident Naxçıvanın tarixi ədalətsizlik nəticəsində blokadaya düşməsinin səbəblərini vurğulayıb.

"Unikal" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, ötən dövr ərzində və bu ilin sentyabr ayında ölkə ictimaiyyətinin Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə rəyini öyrənmək məqsədilə sorğular keçirib.

Cari sorğunun nəticələrinə əsasən, “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına respondentlərin 65,4 faizi tam inanıram cavabını verib. Rəyi soruşulanların 25,6 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inandığını bildirib. Respondentlərin 3,9 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Onların cəmi 1,0 faizi bu suala cavab verməkdən çəkinib.

Cari sorğunun sahə işi (məlumatların toplanılması) bu il sentyabrın 8–11-də arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub.