Lənkəran rayonunun Siyablı, Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a bildirilib ki, daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri Ələddin Sultanov, qohumu İlkin Sultanov və Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Babayev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq meşəlik ərazidən ayrı-ayrı vaxtlarda ümumilikdə 17 vətəndaşa məxsus 20 baş iribuynuzlu heyvanı oğurlayıblar. Oğurladıqları mal-qaranı Salyan, Cəlilabad və Masallı rayonlarının ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.