İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər - əvvəllər məhkum olunmuşlar - 1987-ci il təvəllüdlü Tural Həsənov, tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, həmin şəxslərdən, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd "metadon" həbi, elektron tərəzilər və narkotiklərin qanusuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib.
Araşdırmlarla T.Həsənov, P.Mehdizadə və M.Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan "Münəccim" və “Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Sonda vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırırıq”- DİN-in məlumatında bildirilir.