Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri iki dəfədən artıq seçilə bilməyəcək.
"Unikal" xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Qiymətləndiricilər Palatasının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı, icra orqanı isə onun Rəyasət Heyətidir.
Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
- Qiymətləndiricilər Palatasının nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;
- qiymətləndirmə üzrə yanaşma və metodların, qiymətləndiricinin etik davranış qaydalarının, Qiymətləndiricilər Palatasının üzvlərinin reyestrinin aparılma qaydasının və qiymətləndirmənin nəticələri haqqında hesabatın nümunəvi formasının təsdiq edilməsi;
- Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin, İntizam Komissiyasının sədrinin və digər üzvlərinin seçilməsi, onların səlahiyyətlərinə xitam verilməsi;
- Qiymətləndiricilər Palatasının illik hesabatının təsdiq edilməsi;
- Qiymətləndiricilər Palatasına üzvlük haqqının məbləğinin və ödənilmə qaydasının müəyyən edilməsi.
Qiymətləndiricilər Palatasının ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq keçirilir. Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin və ya üzvlərin üçdə birinin təşəbbüsü ilə növbədənkənar iclas keçirilə bilər.
Layihəyə əsasən, Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti sədr və onun müavinləri daxil olmaqla 9 (doqquz) üzvdən ibarətdir. Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilirlər. Heç kəs iki dəfədən artıq Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri seçilə bilməz.
Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
- Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağının iclaslarının təşkili;
- Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsinin formasının təsdiqi;
- bu Qanuna uyğun olaraq qiymətləndiricilərə intizam tənbehinin tətbiqi;
- qiymətləndiricilərin peşə məsuliyyətinin sığortalanmasına nəzarətin həyata keçirilməsi;
- Qiymətləndiricilər Palatası üzvlüyünə qəbul edilmə və bu Qanunla müəyyən edilən hallarda xitam verilmə barədə qərar qəbul edilməsi;
- qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə dair metodiki tövsiyələrin hazırlanması.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev