05 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) 50 ildən sonra yenidən Bakıda təşkil olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinin “Kosmos və Səhiyyə” sessiyası baş tutub.

"Unikal" xəbər verir ki, sessiyada açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev qonaqları salamlayıb və kosmik missiyaların yerinə yetirilməsində idmanın və idman tibbinin rolundan bəhs edib.

Azərbaycan Milli Aerokosmik Agentliyinin təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov Agentliyin kosmik tədqiqatlar sahəsində gördüyü işlər, eləcə də Azərbaycanda kosmos sənayesindən, bu sahədə aparıcı texnologiyaların inkişafından və gələcək layihələr haqqında ətraflı məlumat verib.

Sessiyanın davamında astronavtlar; Koiçi Vakata (Yaponiya), Anna Kikina (Rusiya), Hazza Al Mansuri (BƏƏ) və Con-Deyvid Barto (ABŞ) kosmik missiya və kosmosa uçuş təcrübələrini tələbələrlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda tələbələrə astronavtlar tərəfindən imzalanmış posterlər paylanılıb.

Bundan başqa, Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə astronavtları Akademiyanın Elmi-tədris laboratoriyası ilə tanış edib, burada aparılan tədqiqatlar haqqında məlumat verib.  

Qeyd edək ki, 136 ölkədən 5400-dən çox iştirakçının qatıldığı konqres sessiyalar və sərgilərlə oktyabrın 6-dək davam edəcək. Bakıda keçirilən konqres çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar təşkil edilib. Konqresdə kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri qurmaq imkanları yaradılıb. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır.