Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və “İnkişaf naminə idman” İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə” çərçivəsində işçi heyətin növbəti görüşü baş tutub.

"Unikal" xəbər verir ki, görüşün əsas məqsədi layihənin aralıq mərhələsi üçün adaptiv bədən tərbiyəsi sahəsində təşkil olunacaq təlim kurslarında iştirak edəcək namizəd müəllim və məşqçi-müəllimlər ilə daha yaxından tanış olmaq və kurslar haqqında daha ətraflı məlumat verməkdən ibarət olub.

Görüş zamanı layihə rəhbəri Natiq Qasımov iştirakçılara layihənin məqsədi, görülmüş işlər, sözügedən mövzu üzrə təlim kursu, kursu tədris edəcək beynəlxalq ekspertlər, kursdan sonra təlimatçıların əsas vəzifə və öhdəlikləri haqda geniş məlumat verib. Bundan sonra iştirakçıların sualları cavablandırılıb və mövzuya dair geniş fikir mübadiləsi baş tutub.

Qeyd edək ki, adaptiv bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən cari layihənin 2022/2023-cü tədris ilinə təsadüf edən ilkin mərhələsi tərəfdaş təşkilatlar tərəfindən sosial sərmayə və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən sosial təşəbbüslər çərçivəsində maliyyələşdirilib.