Daxili İşlər Nazirliyi Qəbələdə baş vermiş qəza ilə bağlı məlumat yayıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində “VAZ-2107” dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***23:24

Axşam saatlarında rayonun Mirzəbəyli kəndində ağır yol-nəqliyyat qəzası qeydə alınıb.

"Unikal" xəbər verir ki, Qaraməryəm-İsmayıllı Şəki avtomobil yolunun Qəbələnin Mirzəbəyli kəndindən keçən hissəsində “Ford” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.

İkin məlumata görə, Qəbələ rayon sakini Hacıalı Zeynalovun idarə etdiyi “Ford” markalı avtomobilin Ağdaş rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində “Jiquli”nin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım cəlb edilib. Həkimlərin səyinə baxmayaraq “Jiquli”nin sürücüsü xəstəxanaya aparılarkən keçinib.

Faktla bağlı araşdırma aparılır.