İbrahimov Nicat Xalid oğlu 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayacaq.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, həkim hazırda xəstəxanadadır.

O da qeyd olunub ki, TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkim mütəxəssislərin Azərbaycanda fəaliyyətinin təşviq edilməsinə hər zaman maraqlıdır.

***10 oktyabr (20:45)

Almaniyada xəstəxanaların birində şöbə müdiri vəzifəsində çalışan ürək cərrahı Nicat İbrahimov 20 min avro civarında aldığı əmək haqqından imtina edərək Azərbaycana dönüb.

"Unikal" xəbər verir ki, N.İbrahimov Şirvan şəhərində işə başlayıb. 

Jurnalist Qənirə Ataşova əslən Neftçaladan olan həkim Nicat İbrahimovdan müsahibə alıb. O, qərarını anidən verdiyini bildirib:

“1-2 ay əvvəl rastlaşdığım statistika məni təsirləndirdi. Statistikaya əsasən, dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycan ikinci yerdə idi. Biz azərbaycanlı həkim olaraq, qərib ölkələrdə xarici vətəndaşları 100 yaşında belə müalicə edib həyata qaytarırıq, öz vətənimizdə isə gənc yaşlarda ölüm halları artır. Bu pik nöqtə oldu və ertəsi gün Azərbaycana gəlmək üçün ərizə yazıb işdən ayrıldım”.