“Gənc qızların təhsilinə dəstək” layihəsi artıq üçüncü ildir ki, həyata keçirilir. Təqaüd proqramları çox əhəmiyyətlidir. Bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir.

"Unikal" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində rellaşdırılan “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində bildirib.

Azərbaycanın maarifçilik və xeyriyyəçilik ənənələrindən danışan nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib.

Tariximiz, dəyərimiz və ənənələrimiz ilə fəxr etməli olduğumuzu diqqətə çatdıran Emin Əmrullayev Azərbaycanın müasir dövrümüzdə də tarixlər yazdığını vurğulayıb.

“Qızların təhsilli olmaları, onların təhsilə cəlb edilməsi, bu prosesə dəstək göstərilməsi prioritet vəzifələrdəndir. Qadın nə qədər təhsilli, geniş dünyagörüşlü olarsa, uşaq və gənclərimizin də tərbiyəsi və təhsili nümunəvi olar”, - deyə təhsil naziri qeyd edib.