Qazaxıstan Respublikasının Astana şəhərində Müstəqil Akreditasiya və Reytinq Agentliyinin (IAAR) təşkilatçılığı ilə keçirilən “Təhsildə keyfiyyət təminatı: VII Mərkəzi Asiya Beynəlxalq Forumu” başa çatıb.

"Unikal" xəbər verir ki, “Təhsildə davamlı gələcək - keyfiyyət və rəqabətqabiliyyətlilik: tarixi perspektiv, reallıqlar və prioritetlər” mövzusunu prioritet kimi hədəfləyən beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı təmsil edib. 

Forum işinə Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (IAAR) direktoru Z. Alina və Ali Təhsil üçün Avropa Keyfiyyət Təminatı Qeydiyyatının (EQAR) prezidenti L. Stephanenin açılış nitqi ilə başlayıb. 2 gün davam edən beynəlxalq tədbirdə "Təhsilin davamlı gələcəyi - keyfiyyət və rəqabətlilik: reallıqlar və prioritetlər", "Təhsil sisteminin inkişafında global dəyişikliklər və trendlər", "Rəqəmsal transformasiya kontekstində elm, təhsil model və texnologiyalarının inkişafı", "Tibb təhsilində keyfiyyət təminatı: elm və təcrübənin inteqrasiyası" kimi mövzular diqqətdə saxlanılıb.  ATMU təmsilçisi Fərid Cabbarlı forum çərçivəsində "Təhsil sisteminin inkişafında global dəyişikliklər və trendlər" mövzusuna həsr olunan  panel müzakirələrə qatılıb.

Müzakirə iştirakçıları tərəfindən müasir ali təhsil ocaqlarına investorların cəlb edilməsinin zəruriliyi, tədris proqramlarının yaşadığımız dövr üçün deyil, məhz gələcək üçün tərtibatının vacibliyi, tədris proqramı hazırlığında maraqlı tərəflərin gözardı edilməməsi, əksər ölkələrdə sənayenin təhsili qabaqlaması səbəbindən sosial problemlərin yaranması, 21-ci əsrdə texniki ixtisas proqramlarının 2-5 il ərzində  əhəmiyyətsizləşməsi tendensiyası, 2050-ci ilə kimi mövcüd ixtisaslardan təxminən yarısının rəqəmsallaşma nəticəsində faydalılığını itirəcəyi qənaətinə gəlinib. 

Beynəlxalq Forumda Türkiyə, Qazaxıstan, Belçika, Hindistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova və digər ölkələrin ali təhsil müəssisələri, müvafiq nazirliklərin rəhbər heyəti və məsul əməkdaşları təmsil olunublar.  

“Təhsildə keyfiyyət təminatı:VII Mərkəzi Asiya Beynəlxalq Forum”un fəaliyyətinin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.