"Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev bütün ömrünü canından əziz sevdiyi Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr edib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Heydər Əliyevin böyük fədakarlığı sayəsində, o vaxtkı SSRİ-nin ən geridə qalmış respublikasından, ən qabaqcıl respublikasına çevrilən Azərbaycan, 1988-1993-cü illərdə SSRİ rəhbərliyinin düşmənçiliyi, respublikanın başında duranların səriştəsiz və dağıdıcı fəaliyyəti nəticəsində dərin siyasi, iqtisadi və sosial böhran, işğal və dağılma təhlükəsi ilə üz-üzə qaldı: "O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon dollar,  büdcə gəlirlərimiz cəmi 100 milyon dollar təşkil edirdi. Təbii ki, belə bir şəraitdə işsizlik və yoxsulluq artırdı, inflyasiya 1250 %-i ötmüşdü, yavan çörək belə çatışmırdı, maaşlar və pensiyalar aylarla verilmirdi. Ulu Öndər  öz xalqı ilə birlikdə, ona güvənərək, ona arxalanaraq qısa zamanda müasir Azərbaycan dövlətini qurdu, onun hüquqi, iqtisadi əsaslarını yaratdı, sosial inkişaf yolunu müəyyən etdi. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, inkişaf etdi, Azərbaycan insanının sosial müdafiə və sosial rifahı siyasətinə çevrildi. 

Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır:

"Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünə məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar. Bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var. Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır. Bilir ki, onu böyük qələbələrə aparan, əmin və firavan həyatını təmin edəcək cəsarətli və müdrik lideri var”.

Anar Kəlbiyev