Türkiyə millisi Avro-2024-ün əsas mərhələsinə vəsiqə qazanmaqla böyük məbləğdə gəlir əldə edib.

"Unikal" xəbər verir ki, Vinçenso Montellanın komandası ötən gecə Avro-2024-ün seçmə mərhələsində Latviyanı darmadağın edib - 4:0. Nəticədə yığma xallarının sayını 16-ya çatdırıb və Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edib. 

Bununla da Türkiyə yığması 9 milyon 250 min avroluq pul mükafatı qazanacağı dəqiqləşib.

Almaniyada keçiriləcək Avro-2024-ün əsas mərhələsinə vəsiqə əldə edən 24 komandaya ümumilikdə 371 milyon avro məbləğində ödəniş ediləcək. Hər bir iştirakçı komanda 9,25 milyon avro alacaq. 

Hər qələbə üçün 1,5 milyon avro, heç-heçə üçün isə 750 min avro veriləcək.

Qrupdan çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər 3,25 milyon avro, yarımfinala çıxanlar isə 5 milyon avro mükafat əldə edəcəklər. Avro-2024-ün 2-cisi 7 milyon avro, çempionu isə 10 milyon avro qazanacaq. Çempion komanda ümumilikdə 30 milyon avroya yaxın mükafat alacaq. 

Yarışın mükafat fondu son 10 illə müqayisədə 135 milyon avro artıb.