Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 9-cu dəfə keçirilən yarışda ölkə üzrə 50 ali təhsil müəssisəsinin, o cümlədən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası iştirak edib.

"Unikal" xəbər verir ki, ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar.

Komandalar yarışdan əvvəlki hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.