Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib. Bununla da Azərbaycanda bankların sayı 23-ə enib.
Xatırladaq ki, “Muğan Bank” bu il Azərbaycanda bağlanan yeganə bank deyil. Bir neçə ay əvvəl “Günay Bank”ın lisenziyası da Mərkəzi Bank tərəfindən ləğv olunmuşdu.
Hazırda vətəndaşları maraqlandıran əsas suallardan biri “Muğan Bank”dakı əmanətlərin taleyinin necə olacağı ilə bağlıdır.
Görəsən, əmanətlərin qaytarılmasında hər hansı problem olacaqmı?
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov “Muğan Bank”ın bağlanmasının doğru qərar olduğunu bildirib:
“Mən “Günay Bank”ın bağlanmasını düzgün hesab etmirdim. “Muğan Bank”ın bağlanmasının isə doğru qərar olduğu düşüncəsindəyəm. “Günay Bank” bağlananda mən “Muğan Bank”da vəziyyətinin daha pis olduğunu bildirmişdim. Yəni, qeyd etmişdim ki, niyə o bağlanır, digəri isə yox?
“Muğan Bank”da çoxlu problemli kreditlər var idi. Həmçinin idarəetmə də bərbad vəziyyətdə idi.
Sadə vətəndaşlar əmanətlərdən ötrü narahat olmamalıdırlar. Qorunan, yəni, sığortalanan əmanətlər kompensasiya ediləcək. Digər tərəfdən, bu, sahibkarlar üçün problemə çevriləcək, çünki Azərbaycanda bağlanan banklarda sahibkarların qalan vəsaitləri bir qayda olaraq geri qaytarılmır. Burada iki səbəb var. Birinci səbəb ondan ibarətdir ki, bəzi banklarda pul yoxdur. Məsələn, “Bank Standard”da, “Atabank”da, və “Texnika Bank”da belə idi. Böyük ehtimalla “Muğan Bank” da belə bankların sırasındadır.
Bəzilərində isə, yəni hansı banklarda ki pul da var, Əmanətlərin Sığortalanması Fondunun qeyri-şəffaf və qanunsuz fəaliyyəti nəticəsində orada olan-qalan əmlakın da başına daş salındığı üçün sahibkarlara pul çatmır", - deyə o qeyd edib.
Murad İbrahimli