Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri Məcidov Nazim Böyük-Ağa oğlu 68 yaşında dünyasını dəyişib. 

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, Nazim Məcidov 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Lenin ordenli Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirmişdir. 1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.
1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.

Uşaq yaşlarından cüdo güləşi ilə məşğul olmuş, sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışların qalib və mükafatçısı olmuşdur. 1980-cı ildən SSRİ İdman Ustasıdır. Məşqçilik fəaliyyətindəki uğurları dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2001-ci ildə ona “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı, 2010-cu ildə isə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2021-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman Xadimi fəxri adları verilmişdir.

Professor Nazim Məcidov 40 ildən artiqdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışmışdır. 100-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20 tədris proqramının və çoxlu sayda elmi məqalələrin müəllifi olmuşdur.