Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start verilib.
"Unikal" xəbər verir ki, X turun ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Qarabağ” “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Hesabı 7-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Olavio Juninyo komandasını hesabda önə keçirib. 46-cı dəqiqədə meydan sahiblərinin heyətində Otto Con tarazlığı bərpa edib. 90-cı dəqiqədə Leandro Andrade hesabı “köhlən atlar”ın xeyrinə dəyişsə də, cəmi 4 dəqiqə sonra Ayxan Quseynov tovuzluları məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Qarabağ” liderliyə yüksəlib. 12 xalı olan “Turan Tovuz” altıncı pillədə qərarlaşıb.
Günün son oyununda “Səbail” “ASCO Arena”da “Neftçi”ni qəbul edib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 2-ci dəqiqədə meydan sahiblərindən David Qomis vurub. 12-ci dəqiqədə “ağ-qaralar” Azər Əliyevin vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ataa Caber ikinci topu “dənizçilər”in qapısından keçirib. 79-cu dəqiqədə “Səbail”in hücumçusu Aleksandr Romalinqom yenidən tarazlığı bərpa edib. 87-ci dəqiqədə Yuri Matias “Neftçi”ni növbəti dəfə hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə Rəhman Hacıyev qoyub.
Bu qələbə ilə xallarını 15-ə çatdıran “Neftçi” dördüncü pilləyə yüksəlib. 17 xalı olan “dənizçilər” isə 3-cü pillədə yer alıb.
Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Sabah” – “Sumqayıt” oyunları oktyabrın 21-də, “Qəbələ” – “Araz-Naxçıvan” matçı isə oktyabrın 22-də keçiriləcək.