Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən Rəsulov Teymur Yavuz oğlu və Fərziyev Saməddin Mehman oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.

"Unikal" xəbər verir ki, şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınıları, qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Rəsulov Teymur Yavuz oğlu və şəhid Fərziyev Saməddin Mehman oğlunun məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra şəhid ailələri ziyarət olunub, onlara ərzaq və maddi yardımlar göstərilib. Şəhid ailələri ilə söhbət edilərək, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib. Dövlətimiz tərəfindən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edilib.