Türkiyənin Xarici işlər naziri Hakan Fidan İranın paytaxtı Tehranda keçirilən “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən görüşündən sonra  Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək.

"Unikal" xəbər verir ki, Hakan Fidan 23-24 oktyabr 2023-cü il tarixlərində BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə görüşəcək. Xarici İşlər Nazirliyi səfərlə bağlı aşağıdakı məlumatları verib:

“2023-cü il Türkiyə ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümüdür. Nazirimizin görüşlərində bütün sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq. Bundan əlavə, regional və beynəlxalq hadisələr, xüsusilə Fələstindəki son vəziyyət barədə fikir mübadiləsi aparılacaq”.