İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin baş katibi Antonio Quterreşi istefaya çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Daimi nümayəndənin sözlərinə görə, Quterreş “uşaqları, qadınları və qocaları” qətlə yetirənlərə anlayış nümayiş etdirdiyi üçün BMT-nin rəhbəri olmağa “layiq deyil”.

“Mən onu dərhal istefaya çağırıram. İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı törədilən ən dəhşətli vəhşiliyə mərhəmət göstərənlərlə danışmağın heç bir əsası və mənası yoxdur”, - deyə Erdan bildirib.

Bundan əvvəl Quterreş bildirib ki, HƏMAS hərəkatının fəaliyyəti , o cümlədən oktyabrın 7-də İsrail ərazisinə hücum fələstinlilərin kollektiv şəkildə cəzalandırılması üçün səbəb ola bilməz.

Daha əvvəl Gilad Erdan demişdi ki, İsrail Fələstinin Həmas hərəkatına illərdir Qəzza zolağında “müharibə maşını” yaratmağa icazə verdiyi iddia edilən BMT-dən üzr istəməsini tələb edir.