Vaqif Xaçatryanın dəstəsinin Meşəli kəndinə hücumu barədə bütün ağsaqqallar danışırdı. O zaman mən uşaq olduğum üçün onu yaxından tanımırdım. 1991-ci il dekabrın 22-də ermənilərin atəş səsinə yuxudan oyandım. Onlar səsgücləndiricilər vasitəsilə deyirdilər ki, kəndi tərk edin. Müxtəlif silahlardan Meşəlini atəşə tuturdular.

"Unikal" xəbər verir ki, bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Elşad İbadullayev söyləyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanın da iştirak etdiyi hücumda qohumları öldürülüb və yaralanıb. Həmçinin evləri, bütün tikililəri ermənilər tərəfindən dağıdılıb.