""Bakı Metropoliteni” QSC-nin əvvəlki açıqlamalarında da xərcin qiymətdən çox olduğu bildirilirdi. Mütəmadi olaraq belə açıqlamalar ictimaiyyətə təqdim olunub. Xərcin strukturu ilə tanış olmaq vacibdir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, həmin xərcdə insan resurslarının, texniki xidmətin, yanacaq və digər daşıma xərclərinin strukturunun da ictimaiyyətə təqdim edilməsinə ehtiyac var:

"Ona görə ki, bu xərcin nədən formalaşması ilə bağlı daha aydın təsəvvür yaransın. “Bakı Metropoliteni” QSC dövlətdən subsidiya alan qurumlardan biridir. Dövlət mütəmadi olaraq bu quruma subsidiya ayırır ki, qiymətin optimallaşdırılması mümkün olsun. Qiymətin müəyyənləşdirilməsi Tarif Şurası tərəfindən həyata keçirilir. “Bakı Metropoliteni” QSC-də daşınma qiymətinin artırılmasını məqsədəuyğun hesab etmirik. İndiki halda xərclərin optimallaşdırılması daha yaxşı olardı. Təklifimiz ondan ibarətdir ki, “Bakı Metropoliteni” QSC-də yeni qiymət artımlarına gedilməsin və xərcləri optimallaşdırmaqla subsidiya konteksində rentabellik təmin olunsun".

Deputat Fazil Mustafa saytımıza bildirib ki, bu, daha çox dövlət dotasiyası ilə həll olunan məsələdir. Onun sözlərinə görə, 40 qəpik vətəndaşın büdcəsi üçün elə də az məbləğ deyil:

"Həmçinin, alternativ nəqliyyat vasitələri olmadığı üçün insanların çoxu metrodan istifadə edir. Təbii ki, xidmət göstərilən məbləğə yaxın olmalıdır. Amma aztəminatlı insanların metrodan istifadə etməsini nəzərə alsaq, qiymət artımı vətəndaş üçün ciddi narahatedici amilə çevrilə bilər. İnanmıram ki, bu ərəfədə qiymətlərin artırılması məsələsi gündəmə gətirilsin", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsində bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpik olduğunu bildirib.

Anar Kəlbiyev