"Bütün dünyada hökumətlər mikro-kiçik sahibkarlara dəstək olmağa çalışırlar, əsl sabit ölkələrin sabitlik formulu odur ki, büdcə gəlirlərinin 60-70%-ni kiçik-orta sahibkarlar təmin edir, məhz bu zaman sabit inkişaf yolu yaranır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
"2024-cü ildə Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən gələn ildən mikro sahibkarların gəlir vergisinə 75% güzəşt qismən ləğv edilir, bu güzəşt yalnız o sahibkarlara aid olacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta haqqı sahəsində borcu olmasın.
Yaxşı, hökumət nədən bu mənasız addımı atır, vergi daxilolmalarını artırmaq üçünmü? Axı bu güzəştin ləğvi büdcə gəlirlərinin ciddi artımına səbəb olmayacaq, maksimum 40-50 mln. manat əlavə vəsait daxil ola bilər. Bəs nədən bu yola gedirlər?! Deyim – hökumət rəqəmlərlə “rəqs etməyi”, oynamağı çox sevir, bu addımla mikro-sahibkarları, guya, əlavə 3 iş yeri açmağa “təşviq” edirlər ki, sonra Prezidentə məruzə etsinlər ki, aparılan siyasət nəticəsində yeni iş yerləri açılıb. Mikro sahibkar da baxacaq ki, zatən bunun dövriyyəsi 200 mini keçən kimi ƏDV ödəyicisinə çevrilir, 200 mindən aşağı olanda əgər, məsələn, ilə 20-30 min gəliri olacaqsa, bunun 4-6 min manatını vergi verməlidir, oturub hesablayacaq - əgər 3 nəfər qohumunu formal, minimum əmək haqqı ilə rəsmiləşdirsə, onların Sosial Müdafiə Fonduna ödənişləri il boyu 2-3 min arası olacaqsa, edəcək, yox əgər bu baş ağrısıdırsa, etməyəcək, qeyri-rəsmi fəaliyyətə üstünlük verəcək.
Bu hökumət “5-10” formal iş yeri, DSMF-yə “5-10” manat əlavə ödəniş üçün səhv yol seçir, mənasız işlərlə məşğul olur, iqtisadiyyatı leqallaşdırmaqdansa, qeyri-leqal, kölgə, “boz” iqtisadiyyatı stimullaşdırır", - deyə Natiq Cəfərli qeyd edib.