Artıq 3 ildir ki, Azərbaycan xalqı tarixi Zəfərimizi qürurla qeyd edir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

"Unikal" xəbər verir ki,  noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib. 

Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyev adını daşıyan parkda 8 Noyabr - Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı və qardaş ölkə olan Türkiyənin ay ulduzlu bayrağı fləşmoba xüsusi rəng qatıb. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rəis müavini Elçin Cəfərov, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, idarənin əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri gənclərin təşkil etdiyi şanlı Zəfərimizə həsr olunmuş fləşmobu izləyiblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev gəncləri rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. M.Alıyev 2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin xalqımızın yaddaşına qızıl hərflərlə yazıldığını qeyd edib. Bu gün qalib ölkənin vətəndaşı olaraq xalqımızın Zəfər Gününü qürurla, fəxrlə qeyd etdiyini söyləyib. Birinci müavin 44 günlük haqq savaşında şanlı Azərbaycan Ordusunun döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyduğunu qeyd edib. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. 

Gənclərlə görüşən rayon rəhbərliyi nümunəvi təşəbbüslərinə görə onlara razılıqlarını bildiriblər.