Dövlət Su Ehtiyatları Agentliyi - “Azərsu” ASC 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azərsu”dan "Unikal"a bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”nun sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.
“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq”, - deyə məlumatda bildirilir.