Vətən müharibəsində Azərbaycan yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirdi.
Düz üç il öncə Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 gün davam edən Vətən müharibəsində şanlı səhifələr yazdı. 30 il işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütpövlüyümüz təmin edildi. Prezident İlham Əliyevin müstəqilliyin övladlarından qurduğu ordu üçrəngli bayrağımızı Şuşa qalasına sancdı! Məhz o zaman Prezidentin “Şuşa sən azadsan!” sözləri çoxəsrlik tariximizin ən güclü sitatı kimi səslənirdi və bu ifadə sonrakı dövrdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin konturlarını cızdı.
44 gündə çox hadisələr baş verdi. Biz 30 il işğal altında qalan torpaqlarımızı qarış-qarış azad etdikcə təkcə tarixi ədaləti bərpa etmədik. Həmin günlərdə xalqın qəlbində, yaddaşında böyük inqilablar baş verirdi, çoxlarının bir əsrdə keçdiyi yolu biz cəmi 44 günə keçmişdik. O günlərdə sanki biz bir xalq olaraq yenidən formalaşırdı, yenidən təşkilatlanırdıq və hər tərəfə Şuşa zirvəsindən baxmağa başlamışdıq. Çünki Şuşa həmişə bizikm üçün əziz olub. Lakin Vətən müharibəsindən sonra sanki biz onu yenidən tapmışdıq. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deyəndə o, 270 il ərzində Azərbaycan tarixinə, mədəniyyətinə, ictimai-siyasi fikrinə böyük tövhələr verən Şuşanı doğma övladı kimi qucaqlamışdı.
Xatırlayıram! 1996-cı ilin mayında – Şuşanın işğalının növbəti ildönümündə Ulu Öndər Heydər Əliyev şuşalılarla görüşmüşdü. Heydər Əliyev həmin görüşdə ancaq Şuşa haqqında danışdı və dedi ki, “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıb”. Ulu öndərin dedikləri təkcə ondan qaynaqlanmırdı ki, o Azərbaycan tarixini yaxşı bilirdi və yaxud bu tarixi yaradanları xatırlamaqla düşmənin saxta təbliğatı ilə savaşırdı. Heydər Əliyev bu sözləri ilə əslində, yaddaşı ölməyə qoymurdu, o, Şuşaya da, onun tarixinə də xalqın qəlbində abidə ucaldırdı!
Ulu Öndər həm də deyirdi ki, “Şuşanın işğal altında qalması qəlbimizi kədərləndirir, sıxır, əzir, incidir. İnanın ki, mənim qəlbimi sizinkindən də çox sıxır. Çünki bir o qədər nəsillər zəhmət çəkib, orada o şəhəri yaradıblar, onu qalaya çeviriblər və mən də buna öz payımı vermişəm. Ona görə də bu, mənim üçün çox sıxıntılıdır, çox əzabvericidir”. Göründüyü kimi, milli kimliyimizdə daha möhkəm yer tutması üçün vaxtilə quruculuğuna dəyərli tövhələr verdiyi şəhərin düşmən əlində qalması təkcə xalqın deyil, həm də Heydər Əliyevin faciəsi idi. Heydər Əliyev Şuşanı xalqın Qarabağ savaşında istinad nöqtəsinə çevirirdi. Ona görə də o, müstəqilliyin ilk, həm də çətin illərində ağır müharibədən çıxmış cəmiyyətin ideoloji sistemində Şuşanı xüsusi yerə qoyurdu və deyirdi ki, “Şuşa Azərbaycanın qəlbidir!”. Bu sözlərdə böyük hikmət vardı. Çünki Heydər Əliyev bilirdi ki, Azərbaycan xalqının mənəvi potensialı, bizim ən parlaq dəyərlərimiz Şuşa zirvəsində cəmləşib. Orada yaşamış, doğulmuş insanlar, orada formalaşan tarix və mədəniyyət Azərbaycana böyük mənəvi ab-hava verib.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində üzləşdiyimiz dəhşətli hadisələrin hamısı cəmi bir neçə ilin içində baş verdi. Bu, həmin dövrə təsadüf etdi ki, artıq Ulu Öndər Heydər Əliyev 1987-ci ildə ermənilərin məkrli planları sayəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa vermişdi. Bu hadisədən 20 gün sonra isə Qarabağ məsələsi ortaya atılmışdı. Akademik Aqanbeqyanın Fransada verdiyi bəyanat milli münaqişəsini qızışması üçün qığılcım olmuşdu. Heydər Əliyev Ali Sovetin 1991-ci ilin fevral sessiyadakı çıxışında deyəndə ki, “Dağlıq Qarabağ əldən gedib” onu haya-küyə basmışdılar. Müxalif qüvvələr iddia edirdilər ki, “Dağlıq Qarabağ indiki qədər Azərbaycanın olmayıb”. Baxmayaraq ki, artıq Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxaraq Volskinin başçılıq etdiyi və birbaşa Moskvaya tabe olan Xüsusi İdarəetmə Komitəsinə verilmişdi. Heydər Əliyev bu vəziyyəti 1998-ci ildə keçirilən Konstitusiya komissiyasının iclasında belə təsvir etmişdi: “Moskvaya tabe oldusa, hesab elə ki, Ermənistana tabe oldu”.
Nəhayət, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, 1923-cü ildə Azərbaycanın içinə qoyulan muxtariyyət bombası partladı. 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə edən ölkə ağır müharibənin qarşısını almaqda aciz qaldı. Dünyanın ən böyük humanitar böhranı ilə üz-üzə qalan Azərbaycan xalqını ayaqda saxlayan, ona mənəvi güc verən yalnız Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı idi. O çıxışlarında dönə-dönə vurğulayırdı ki, “Əgər bizim səylərimiz nəticə verməsə, nəyin bahasına olur-olsun məqsədimizə çatmalıyıq. Şuşanı da, Laçını da, Xocalını da, Ağdamı, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını da, bir sözlə, bütün torpaqlarımızı azad etməliyik”. 2020-ci ilin sentyabrın 27-də başlayan, 44 gün davam edən və Böyük Qələbə ilə nəticələnən Vətən müharibəsi öndərin arzusunu çin etdi. Azərbaycan yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirərək Qalib gəldi. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar edildi. Ona görə də builki Zəfər Günümüzün başqa ovqatı, başqa əhval-ruhiyyəsi var. Çünki Prezident İlham Əliyev dünyanın ən mürəkkəb münaqişələrindən birini tam həll edərək tarixi Qələbəyə imza atıb. Bununla Azərbaycan təkcə Ermənistanın və dünya erməniliyinin yox, həm də onların himayədarlarının üzərində Qələbə qazanıb. Bu parlaq qələbə ilə Azərbaycan regionda erməni faşizminə son qoyub, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edilib. Prezident İlham Əliyev yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişib, Azərbaycan tarixini yenidən yazıb. O, təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtarıb, Azərbaycan xalqını bu tarixin əsas qəhrəmanına çevirib.
Vətən müharibəsində qazanılan Qələbə həm də Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü üzə çıxardı. Bu qələbə milli həmrəyliyi Azərbaycan xalqının həyat tərzinə çevirdi. Xalqın mədəni-mənəvi bütövlüyü ən ali mərtəbəyə yüksəldi. Azərbaycan xalqının Qalib xalq obrazı yarandı. Bu uğurların istisnasız müəllifi isə Prezident İlham Əliyevdir.
Dövlət başçısı deyir ki, “alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər!”. Çünki bu qələbə indi müstəqil Azərbaycanın yeni simasını formalaşdırır. Bizim bir xalq olaraq həyata baxışlarımızı, gələcəyə yönəlmiş planlarımızı saf-çürük edir. Prezident bu addımları və təşəbbüsləri ilə həm də Azərbaycan tarixinin ən böyük qələbəsinin ömrünü uzadır. Bu qələbədən doğan əhval-ruhiyyə isə dövlətin də, xalqın da yeni ideoloji modelini müəyyənləşdirir. Bu ideologiyanın əsas xəttini, ana xəttini Güclü Dövlət amili təşkil edir. Bu dövlətin güclü iqtisadi modeli var.
Bu dövlət dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması istiqamətində gərgin iş aparır.
Bu dövlət neftdən gələn gəlirləri vətəndaşın sosial-iqtisadi, mədəni-mənəvi və fərdi inkişafına sərf edir. Qazanılan kapital Azərbaycan vətəndaşının rifahına və ölkənin inkişafına xərclənir. Bu dövlətin həm də güclü ordusu var və dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu amillərin vəhdəti, bir-birinə möhkəm inteqrasiyası Azərbaycana dünyanın ən mürəkkəb münaqişələrindən birini həll etməyə imkan verdi. Məhz Prezident İlham Əliyevin yaratdığı güclü Azərbaycan Cənubi Qafqazı Ermənistanın mənfur ideoloji təhdidlərindən xilas etdi. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin güclü iradəsi həll edir. İş o yerə gəlib çatıb ki, indi köhnə müttəfiqlər bir-birinin üzünə durur, bir-birini təhqir edir. Artıq Qarabağın statusu ilə bağlı iddialara da son qoyulub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bir sutka belə çəkməyən antiterror əməliyyatı nəticəsində Azərbaycan bütün ərazilərində dövlət suverenliyini bərqərar edib. Xankəndi və digər ərazilər suverenliyimiz altına keçib. Bununla da regionda münaqişə ocağının qalmasına ümidlə baxan dairələrin ambisiyalarına əbədi son qoyulub.
Torpağa qayıdış yenilik deməkdir. İndi ruhumuzun yenilənməsi prosesi gedir və biz bu tarixi prosesin şahidləriyik. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Bu dövr bir xalq kimi qarşımızda yeni hədəflər, yeni vəzifələr qoyacaq. İndi azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir, işğalın ağır nəticələri aradan qaldırılır, kəndlər, şəhərlər yenidən dirçəlir, Prezident Qarabağı cənnətə çevirir. Əsas vəzifə həm də Ermənistanın 30 il ərzində dağıtdığı, taladığı şəhərlərimizi, kəndlərimizi yenidən qurmaq, uzun illər yurd həsrəti ilə yaşayan insanlarımızı doğma torpaqlarına qaytarmaqdır. Artıq proses başlayıb, yüzlərlə ailə öz yurdlarına qayıdıb. Bundan sonra Azərbaycan xalqı öz torpaqlarında əbədi yaşayacaq, insanlarımız ayaqlarını torpağa daha möhkəm basacaq və heç kim bizi bir də bu torpaqlardan çıxara bilməyəcək.
Arif Alışanov