"Bu günün göstəricilərinə görə, televiziyaya daha çox 45-50+ yaşlı insanlar, təqaüdçülər baxırlar. Onların daha çox vaxtı olur və izləyə bilirlər. Biz çalışırıq ki, gənclərə də maraqlı olacaq verilişlər istehsal edək".
"Unikal" xəbər verir ki, bu sözləri İTV-nin baş direktoru Balakişi Qasımov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi“ qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsi çərçivəsində Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə deyib.
O deyib ki, 2018-ci ildə İTV-də Baş direktor olduqdan sonra komandası ilə müasir televiziya yaratmaq uğrunda çalışdır: “Bu gün televiziya anlamı dəyişib. Bizim vaxtımızda informasiyanı əldə etmək üçün evə gəlməli idin. İnsanlar həyat tərzlərini və planlarını televiziyaya görə qururdular. İndi zəmanə fərqlidir. Hər insanın öz televizoru var: smartfon elə televizordur. İstədiyin verilişi və ya filmi “YouTube”dan izləyə bilərsən. Bu da bizim işimizi çətinləşdirir. Artıq bizim kanalın “YouTube” səhifəsinin bir milyondan yuxarı izləyicisi var”.
İTV rəhbəri meydanda qalmaq üçün mübarizə apardıqlarını da bildirib: “Bəlkə siz ali məktəbə qəbul olanda televiziya ümumiyyətlə olmayacaq. 5-10 ildən sonra hər şey tamam fərqli olacaq. Amma biz də davam edirik. Bizim əslində öz strategiyamız var. Fokusumuz daha çox sosial şəbəkələrdir. Vəzifəmiz ondan ibarət deyil ki, bizi dördbucaqlı cihazdan izləyəsiniz. Vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan dilində məlumat əldə etmək istəyən insanlara kontent hazırlayıb təqdim edək. Bizim üçün fərq etmir ki, tamaşaçı onu dördbucaqlı cihazdan və ya smartfondan izləsin. Ona görə digər kanallar olmayanda İTV “YouTube”da qalacaq. Bu gün meydanları yaradıb öz meydanında diskussiya aparmaq mübarizəsi gedir”.