Dekabrın 8-də Qəzza zolağında dərhal atəşkəs rejiminin yaradılması məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası planlaşdırılır.
"Unikal" xəbər verir ki, iclas BMT-nin baş katibi Antonio Quterreşin rəhbərliyi ilə toplanır.
"Antonio Quterreş BMT Nizamnaməsinin 99-cu maddəsinə əsasən Baş Katibdə saxlanmış hüquqdan istifadə etdi və bu, ona beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcəyinə inandığı istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdırmağa imkan verir. BMT-nin keçmiş baş katibləri son onilliklərdə bu hüquqdan istifadə etməyiblər", - deyə məlumatda qeyd olunub.
Bugünkü sessiya BMT Təhlükəsizlik Şurasının üzvlərinin Qəzza zolağındakı vəziyyətə vahid yanaşma nümayiş etdirmək üçün beşinci cəhdidir. Əvvəlki iclaslarda səslənən təkliflər qəbul edilməyib.
Ağarza Elçinoğlu