Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir. Bu qələbə nəticəsində 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərimiz azad edilib, orada geniş bərpa-quruculuq işləri başlayıb, məcburi köçkünlərin geri qayıdışı üçün imkan yaranıb.  

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib. Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub. Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük Zəfər, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, orada aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıdış, ümumən, Azərbaycanın bu günü və sabahı ilə bağlı arzularını yazaraq lövhəyə yapışdırıblar. Lövhənin yanında Azərbaycan Ordusunun dörd nəfər hərbçisi fəxri qaravulda dayanıb.

Aksiyada iştirak edən ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar arzu və istəklərini ifadə edib, lövhənin önündə qəhrəman Ordumuzun əsgərləri ilə şəkil çəkdiriblər.