Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TBMM-dəki çıxışının sonunda qəfil yerə yıxılan "Səadət Partiyası" Kocaeli millət vəkili Həsən Bitmezin son durumu ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, rəsmilərin məlumatına görə, Bitmezin vəziyyəti son dərəcə ağırdır.

Koca açıqlamasında "Xəstəxanaya gəldikdən sonra angioqrafiya planlandı. Angioqrafiya ilə iki əsas damarın tamamilə tıxandığı görüldü. Sonrakı müdaxilədən sonra heç bir nəticə alınmayınca ürək-ağciyər aparatına qoşuldu.Hazırda pasientimiz ürək-ağciyər aparatı ilə həyati funksiyalarını davam etdirir. Vəziyyəti son dərəcə kritik və ağırdır" deyib. 

Kurtulmuş Bitmezin müalicəsinin Ankara Bilkent Şəhər Xəstəxanasında davam etdiyini bildirib:

"Həkimlərdən aldığımız məlumata görə vəziyyətin ciddi olduğu bildirilir. Ona Allahdan şəfa diləyirik. Ümid edirəm ki, bütün tibbi müdaxilələrə müsbət cavab verəcək və qısa zamanda Türkiyə Böyük Millət Məclisinə sağlam şəkildə aramıza qayıdacaq". 

Nuranə Abbasova