Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş şəhər sakini Azər Yusifov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan A.Yusifov avtomatı bir neçə il əvvəl tapdığını və özündə saxladığını bildirib. Həmin şəxsdən götürülən silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən avtomatın atəşə yararlı olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.