Astarada 2007-ci il təvəllüdlü qız 28 yaşlı oğlanla nişanlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, ailəsi yeniyetmə qıza 2 il sonra toy etmək fikrindədir və məsələ nəzarətə götürülüb.

"Ailənin yaşadıqları evdə 16 yaşı tamam olmuş həmin qızın gələcəkdə ailə qurmasına razılıq verilməsi münasibətilə yığıncaq  təşkil etmək istəmələri ilə bağlı polisə və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya məlumat daxil olub. Dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları və komissiyanın sədri sözügedən ünvanda olub və qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. Sözügedən məsələ mütəmadi şəkildə diqqətdə saxlanılacaq", - deyə DİN-in açıqlamasında qeyd edilib. 

Qeyd edək ki, məsələ ilə bağlı ilk dəfə Lalə Azərtaşın “Təsir dairəsi” proqramında məlumat verilib. 

Nuranə Abbasova