"Hər bir dövlətin gücü həm də onun iqtisadiyyatı ilə ölçülür. Azərbaycanın iqtisadiyyatı son 20 il ərzində möhtəşəm bir yol keçib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycanın iqtisadi gücünün mütəmadi artması torpaqlarımızın işğaldan azad edilməsinə, milli təhlükəsizliyimizin güclü şəkildə təmin olunmasına səbəb oldu:
"Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə, büdcə xərclərimiz isə təxminən 30 dəfə böyüyüb. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycanı borcdan dünyada ən az asılı olan bir dövlətə çevirib ki, bütün bunların səbəbi Prezident İlham Əliyevin iqtisadi sahədə tətbiq etdiyi innovativ siyasətdir. Hər bir xalq istəyər ki, onun rəhbəri qətiyyətli, ədalətli, humanist olsun və daim milli maraqları müdafiə etsin. Cənab İlham Əliyev belə bir lider olduğunu son 20 ildə nümayiş etdirib.
O, ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının bütün maraqlarını təmin etmək üçün mübarizə apardı, bir addım belə geri çəkilmədi. O, Azərbaycan xalqının başını ucaltdı. Bütün bu reallıqları nəzərə alsaq, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının istəyidir və tələbidir!"