London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan insanlarda qan təzyiqini aşağı salır və fiziki performansı yaxşılaşdırır.

"Unikal" xəbər verir ki, nəticələr "European Respiratory Journal"da dərc olunub.

Tədqiqatda KOAH olan 81 nəfər iştirak edib. Bu mütərəqqi, həyati təhlükəsi olan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişməsi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa təyin edilib. Birinci qrup 12 ay ərzində gündəlik 70 mililitr konsentratlı çuğundur suyu istehlak edib, ikinci qrup isə plasebo qəbul edib. 

Təcrübənin nəticələri göstərdi ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla 4,5 millimetr civə səviyyəsində azalıb. Həmçinin, birinci qrupdan olan könüllülər dözümlülüklərini və fiziki performanslarını artırıblar - tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar eksperimentdə iştirak etməzdən əvvəlkindən daha çox məsafəni qət edə biliblər.

Alimlər qeyd ediblər ki, çuğundur suyu KOAH üçün təhlükəsiz köməkçi müalicə olmaq potensialına malikdir. Xüsusilə belə bir içki qan təzyiqini normallaşdırmaqla bu xəstəliyi olan xəstələrdə ürək-damar sistemindən yaranan ağırlaşma riskini azalda bilər.