HƏMAS ilə müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzzaya hücumlarını bərpa edən İsraillə bağlı iddia səs-küyə səbəb olub.

"Unikal" xəbər verir ki, İsraili fələstinlilərin meyitlərini qaçırmaqda və həyati orqanlarını oğurlamaqda ittiham edən Qəzza hökuməti məsələ ilə bağlı beynəlxalq istintaq komitəsinin yaradılmasını tələb edib. 

Qəzza hökumətinin Media Ofisindən edilən yazılı açıqlamada, İsrailin 27 oktyabrda başlatdığı quru əməliyyatından sonra öldürülən və müsadirə edilən 80 fələstinlinin meyitlərindən orqanlarının oğurlandığını iddia edib. Məsələnin aydınlaşdırılması tələb olunub. 

Qeyd edək ki, ötən gün İsrail Qəzzaya qarşı quru əməliyyatına başladığı andan ələ keçirdiyi 80-ə yaxın fələstinlinin cəsədini Kerem Əbu Səlim Sərhəd Qapısından keçirib. Naməlum cəsədlər Qəzzanın cənubundakı Rəfah şəhərindəki Tel əl-Sultan qəbiristanlığında basdırılıb.