Rumıniya 2024-cü ilin martında hava limanlarında və limanlarda Şengen zonasına qoşulacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Adevarul” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Aİ səviyyəsində hava və dəniz nəqliyyatı üçün razılaşdırılmış üzvlük tarixi 31 mart 2024-cü il, quru sərhədləri üçün perspektiv 2025-ci ildir”, - mənbələr bildiriblər. Adevarul yazır ki, qərar maraqlı dövlətlərin - Rumıniya, Bolqarıstan və Avstriya nümayəndələri arasında bir neçə həftə davam edən danışıqlardan sonra Aİ Şurası səviyyəsində qəbul edilib. Əldə edilən razılaşma iki gün sonra Aİ-dəki Daimi Nümayəndələr Komitəsində səsvermə yolu ilə təsdiqlənməlidir.

Bundan başqa, qəzet qeyd edir ki, Aİ liderləri sığınacaq və miqrasiya sistemində islahatlar, qeyri-qanuni miqrantların Aİ-yə gəldikdən sonra yoxlanılması üçün daha aydın qaydaların müəyyən edilməsi, biometrik məlumatların alınması, sığınacaq üçün müraciət prosedurları, məsuliyyət daşıyacaq üzv dövlətin müəyyən edilməsi qaydaları barədə razılığa gəliblər.

8 dekabr 2022-ci ildə Brüsseldə keçirilən Aİ Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri Avstriya və Hollandiyanın səsləri ilə rədd edildi. Avstriya hakimiyyəti ölkəyə miqrant axını fonunda dəfələrlə Şengen sisteminin işləmədiyini və bu zonaya yeni üzvlərin qəbulunun qeyri-mümkün olduğunu bildirib. Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün daxili sərhədlərdə viza nəzarəti ləğv edilib. Hazırda ona 27 ölkə daxildir, onlardan 23-ü Avropa İttifaqının üzvüdür.