İspaniyanın tanınmış tennisçisi Rafael Nadal zədə səbəbindən Avstraliya Açıq turnirini buraxacaq.

"Unikal" xəbər verir ki, 37 yaşlı idmançı bu barədə “X” hesabında paylaşım edib.

Ötən il Avstraliyanın Brisben şəhərindəki turnirdə zədələnən idmançının əzələsində mikro yırtıq aşkarlanıb.

“Sevindirici haldır ki, yırtıq zədənin olduğu hissədə deyildi. Hazırda beş setlik matçlarda maksimum səviyyədə çıxış etməyə hazır deyiləm. Ona görə də həkimə müraciət etmək, müalicə almaq və dincəlmək üçün İspaniyaya qayıdıram. Məqsədim üç ay ərzində ən yaxşı səviyyəyə çatmaqdır. Məni məyus edən odur ki, Melburnda heyrətamiz azarkeşlər qarşısında oynaya bilməyəcəyəm. Halbuki bu turnirdə çıxış etməyi çox istəyirdim. Çünki Avstraliyada məni çox sevindirən və müsbət nəticələnən bəzi matçlarda oynamaq imkanım olub”, - R. Nadal bildirib.

Qeyd edək ki, Rafael Nadal Böyük Dəbilqə turnirlərinin 22 qat qalibidir.