Ekvadorda yanvarın 10-da “TC Television” kanalına edilən hücumu araşdıran prokuror silahlı hücumda həyatını itirib. 

"Unikal" xəbər verir ki, Quayaquil şəhərinin şimalındakı Bombero bulvarında avtomobillə hərəkət edən prokuror Sezar Suarez  silahla hücuma məruz qalıb. Başından güllə yarası alan prokuror Suares hadisə yerində dünyasını dəyişib. 

Hadisə ilə bağlı çoxlu sayda polis qrupunun göndərildiyi və araşdırmalara başlanıldığı bildirilib. 

Prezident Daniel Noboa "X" sosial media hesabında hücumu qınayıb və cinayəti törədənlərin "dərhal" tutulmasını əmr edib. 

Canlı yayım reydini araşdırmaqdan əlavə, Suarez narkotik alveri, terrorizm və mütəşəkkil cinayət işlərini araşdırırdı. 

 “TC Television” televiziya kanalının Quayaquil şəhərindəki studiyasına canlı yayım zamanı silahlı şəxslər basqın ediblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə üzlərini maska ​​ilə bağlayanların studiyadakıları girov götürdükləri və diktorun cibinə partlayıcı qoyduğu əks olunmuşdu. 

Gülayə Mecid