"Paşinyanın (Ermənistanın baş naziri Nikol Paşinyan - red.) dediklərində heç bir məntiq görmədim". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Paşinyanın Ermənistan ərazisindən Naxçıvan tranzitinin açılması ilə bağlı bəyanatlarına istinad edərək bildirib: "Cənab Paşinyanın dediklərində heç bir məntiq görmədim, düzünü desəm, bu marşrutları müqayisə etmək çətin ki, uyğun olsun". 

Lavrov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatında iqtisadi və nəqliyyat əlaqələrinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə Ermənistanın zəmanət verməsi qeyd olunub: "Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur, onun parametrləri üçtərəfli sazişlə müəyyən edilib. Marşrut Rusiya FTX-nin sərhəd xidmətinin nəzarəti altında olan Ermənistanın suveren ərazisindən keçir. Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvana çıxışı zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb". 

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan bildirmişdi ki, İrəvan İranla eyni şərtlərlə Azərbaycan üçün Naxçıvana yol açmağa hazırdır.

Ağarza Elçinoğlu