Biz iki il əvvəl qazaxıstanlı və azərbaycanlı həmkarlarımızla birlikdə çox mühüm yol xəritəsi imzalamışıq. Azərbaycan, Gürcüstan və Qazaxıstanın “Orta dəhliz”in inkişafı ilə bağlı çox aydın planı var və biz nəyi, necə etmək lazımdırsa, yaxşı bilirik”.

"Unikal" xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən toplantıdakı çıxışı zamanı söyləyib. Baş nazir deyib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan bu dəhlizin inkişafı üçün liman infrastrukturunun genişləndirilməsi, dəmir yollarının modernləşdirilməsi, hava limanlarının və yol infrastrukturunun inkişafı, məhsuldarlığın artırılması və digər məsələləri həll edirlər.

İ.Qaribaşvili bildirib ki, bu il Gürcüstanın Qara dəniz sahilində, Anakliada yeni dərin özüllü dəniz limanının tikintisinə başlamaq niyyətindədir. Bundan başqa, ölkədə dəmir yolu modernləşdirilir və işlər bu il başa çatdırılacaq. Bununla da Gürcüstanda dəmir yolu ilə daşımaların həcmi iki dəfə artaraq 48 milyon tonu keçəcək.

“Biz, həmçinin yeni hava limanı tikməyi planlaşdırırıq. Magistral yolların tikintisi, Şərq-Qərb sürətli avtomobil yolu kimi bütün infrastruktur layihələri bu il başa çatdırılacaq, digər mühüm layihələr isə iki ildən sonra baş tutacaq”, – deyə İ.Qaribaşvili vurğulayıb.