Xəbər verdiyimiz kimi, Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakı vaxtı ilə gecə saat 02:11-də kosmosa uçub.
"Unikal" xəbər verir ki, tarixi hadisədən sonra ilk Türk astronavtın həyatı və karyerası marağa səbəb olub.
Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Əslən Mersin Silifkedən olan hərbi pilot Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasında elektron mühəndisliyi oxuyub, həmçinin Ohayo ştatının Dayton şəhərində Rayt-Patterson Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda magistr təhsili alıb.
O, Türkiyə Hərbi Hava Qüvvələrində 21 illik təcrübəyə malik F-16 pilotudur.
Gezeravcı Türkiyənin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən Gezeravcının F-16 da daxil olmaqla bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb.
Ağarza Elçinoğlu