FETÖ təşkilatını Azərbaycanda maliyyələşdirdiyi iddia olunan şəxsin məhkəməsi başlayıb.
“Unikal”ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Abdurahmanov Gümrah Mustafa oğlunun məhkəmə prosesinin hazırlıq iclası fevral ayının 8-nə təyin olunub.
Qeyd edək ki, Gümrah Abdurahmanov ötən ilin iyul ayında həbs edilib və Cinayət Məcəlləsinin 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə ona ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin yayında FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərovdan başqa daha 3 nəfər saxlanılıb. FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Abdurahmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. FETÖ üzvləri gətirildikləri məhkəmə tərəfindən həbs edilib.
Döyrüş Cəfərov, Gümrah Abdurahmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, tədris mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Azər İsrafilov