Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub.
"Unikal" xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib.
O, bunun müqabilində 50 min rubl alıb.
Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib