“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahir oğlu Tahirovun kassasiya şikayəti verib.
“Unikal”ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən Fövzi Tahirovun məhkəmə prosesi fevral ayının 15-də Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək. Fözvi Tahirov öz kassasiya şikayətində rüşvət almadığını, heç bir cinayət törətmədiyini əsas gətirib bəraət istəyib.
Xatırladaq ki, Fövzi Tahirov direktor işləməklə yanaşı Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Fövzi Tahirov Ağcabədi rayonunda direktor təyin olunmamışdan qabaq Xocavənd Mərkəzi rayon xəstəxanasında baş həkimin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Fövzi Tahirov “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru işlədiyi zaman Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayeva qarşı kobud rəftar etdiyi üçün mətbuatda tənqid olunub və onun barəsində aidiyyətli qurumlara şikayət ərizələri göndərilmişdi.
Azər İsrafilov