Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Mingəçevir şəhər prokurorluğundan "Unikal"a verilən məlumata görə, fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
xxx
10.02.2024, 23:54
Fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, A. Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
***23:24
Mingəçevirdə sinəsindən xəsarət alan 41 yaşlı kişi ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Günəşli bağlar yaşayış massivi 8 saylı küçədə baş verib.
Belə ki, sinə nayihəsindən xəsarət alan 1983-cü il təvəllüdlü Əhmədov Aqil Alı oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb.
Ehtiram Muradov