Xəbər verildiyi kimi, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xətai rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda ibtidai istintaq davam edir.
*** 18:20
Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
** 16:58
Bakıda övladı tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
"Unikal" xəbər verir ki, Bikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Əhmədov Mehman isə 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi olub.
***
16:58
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.