Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 m² olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kv.m. sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub.

***16:43

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, qəsəbədəki iaşə obyektlərindən birində yanğın başlayıb. Nəticədə ətrafı qatı tüstü bürüyüb, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib: “Hadisə yerində əməliyyat şəraiti qiymətləndirlərkən müəyyən edilib ki, ikimərtəbəli, hər mərtəbəsi 80 kvadrat metr olan 160 kvadrat metrlik obyektdə yanğın başlayıb. 1-ci mərtəbəsi avtoyuma məntəqəsi, 2-ci mərtəbəsi isə çay evi kimi fəaliyyət göstərən obyektdəki yanğın tam söndürülüb”.