Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.
"Unikal" xəbər verir ki, Baş DYP İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bu dəfə sözügedən avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü Xaçmaz rayon sakini Namiq Ağayevdir.
Törətdiyini əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.
Baş DYP İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır!