İsrailin siyasi məzmunlu mahnı ilə Eurovision Mahnı Müsabiqəsində iştirakına icazə verilməməsi məsələsi gündəmdə olsa da, İsrail daxilində geri addım atıb-atmamaq müzakirə olunur.

"Unikal" xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərə görə, Təl-Əviv rəhbərliyi 7-11 may tarixləri arasında İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində israilli müğənni Eden Golanın ifa etdiyi "Oktyabr yağışı" mahnısı ilə iştirak etmək istəyir.

Bildirilir ki, sözügedən mahnı HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də təşkil etdiyi hücumda həlak olan İsrail əsgərlərinə aiddir.

Avroviziya Mahnı Müsabiqəsində siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək istəyən ölkələrin daha əvvəl qadağan olunduğu məlum olsa da, Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağı və qərar verəcəyi qeyd olunur. 

EBU mahnını qəbul etməzsə, İsrailin yeni mahnı ilə iştirak etmək hüququ var.

Buna baxmayaraq, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada, siyasi mesaj ehtiva edən İsrail mahnısının EBU tərəfindən rədd ediləcəyi təqdirdə mahnının dəyişdirilməyəcəyi və İsrailin "müsabiqədə iştirak edə bilməyəcəyi" bildirilib. 

İsrail prezidenti İsaak Herzoq mövzu ilə bağlı verdiyi açıqlamada, "İsrailin Eurovisiona qatılması vacibdir, yalnız haqlı olmaq deyil, ağıllı olmaq da vacibdir" deyib.

Digər tərəfdən, İrlandiya kimi bəzi ölkələrdə sənət adamları və siyasətçilər İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakının qarşısının alınmasını tələb edirlər.