"Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10,5 milyard manatdır.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Agentlik sədri bildirib ki, bu vaxta qədər su və kanalizasiya sistemləri layihəsi hazır olmayan yalnız Bərdə şəhəri qalmışdı: "Onun da layihəsi artıq Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Artıq Bərdənin də su və kanalizasiya layihəsi hazır olacaq".

O, Gəncənin də su və kanalizasiya sistemlərinin qurulması layihəsindən danışıb: “Yarım milyonluq əhalisi olan bir şəhərimizin layihəsi hələ də bitməyib, davam edir. Gəlin bu işə bir az geniş formada baxaq. Hazırda sadəcə içməli su və kanalizaisya sistemlərində davam edən, hələ bitməmiş layihələrin dəyəri 2,7 milyard manatdır. Bircə Gəncənin içməli su və kanalizasiya layihələrinin dəyəri 550 milyon manatdır. Burda Viləşçayın ikinci hissəsi ilə bağlı danışıldı. Viləşçəyin ikinci hissə ilə bağlı layihənin dəyəri 600 milyon manatdan çoxdur. Azərbaycanda 52 min kilometr su kanalları var. Onun 40 min kilometrdən çoxu torpaq kanallarıdır. Biz su itkisindən danışırıq. O suyun elə 50 %-i həmin kanallara gedir. Bir tərəfdən çıxan su gedib o biri tərəfə çaxmır. Bizim çox qızğın Aran bölgələrindəki layihələrimiz üçün 9 milyard manatdan çox vəsait lazımdır”.

Anar Kəlbiyev