Türkiyənin Təhlükəsizlik Xİdmətinin əməkdaşları ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətində martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb. 

"Sakaryada "İslam Dövləti" qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb.Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Şübhəlilər İŞİD-ə maliyyə yardımı göstərməkdə iştirak ediblər", - deyə Yerlikaya qeyd edib. 
Nazir bildirib ki, terrorizmin maliyyələşdirilməsi kontekstində “bu şəxslərin qanunsuz ibadət evi və mədrəsə adı altında fəaliyyət göstərməsi də müəyyən edilib”.

Reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat - dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.